Qazaxıstanın "OPEC+"dən çıxmaq niyyəti yoxdur | VİDEO

   Qazaxıstanın "OPEC+"dən çıxmaq niyyəti yoxdur |  VİDEO
  15 İyul 2025    Oxunub:628
"OPEC+" sazişi üzrə öhdəliklərinə sadiq qalan rəsmi Astana bu təşkilatdan çıxmaq planını nəzərdən keçirmir".
Bu sözləri Qazaxıstanın Baş naziri Oljas Bektenov yerli mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, ölkə sözügedən saziş çərçivəsində öz öhdəliklərini lazımınca yerinə yetirməyə çalışır.

"Tengiz" yatağında genişləndirmə layihəsinin tətbiqinə görə həmişə bu sahədə uğur qazana bilməsək də, saziş üzrə hasilatın pay bölgüsündə bütün şərtlər nəzərdə alınıb. Layihəni başa çatdıranda öhdəliklərimiz artıqlaması ilə yerinə yetiriləcək", - Bektenov bildirib.

Qazaxıstanın Energetika Nazirliyinin hesabatına əsasən, 2025-ci ilin iyun ayında bu ölkənin xam neft tədarükünün həcmi sutkada 1,86 milyon barelə çatıb. Bu göstərici həm may ayının səviyyəsindən (sutkada 1,78 milyon barel) yüksəkdir, həm də "OPEC+" sazişi çərçivəsində müəyyənləşdirilmiş kvotadan təxminən 500 min barel çoxdur. Belə bir artım ölkənin ən böyük neft yatağı sayılan "Tengiz"də hasilatın genişləndirilməsi ilə əlaqədardır.

"OPEC"in bir müddət qabaq yaydığı hesabatda da diqqətə çatdırılırdı ki, Qazaxıstan və Azərbaycanı gələcəkdə Avropanın neftlə təminində tədricən daha mühüm rol oynayacaq. Eyni zamanda, "OPEC+" sazişi çərçivəsində avqustda neft hasilatının artırılacağı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   OPEK   neft   artım  



Xəbər lenti